Avianca aviaşirkətinin Boqotadan Pastoya uçan təyyarəsi güclü turbulentlik və qatı dumanla üzləşib. Bu barədə The Sun qəzeti məlumat yayıb.
Məlumata görə, hadisə zamanı təyyarənin salonunda sərnişinlər arasında panika yaranıb.
Təyyarə Boqota–Pasto marşrutu üzrə daxili reys həyata keçirib. Laynerin enməli olduğu Antonio Nariño aeroportu And dağlarında, yüksək ərazidə yerləşir. Aeroport qısa eniş zolağı, dağlıq relyef, tez-tez yaranan duman və güclü küləklər səbəbindən pilotlar üçün çətin eniş şərtləri ilə tanınır.
Enişə başlamazdan əvvəl ekipaj sərnişinləri pis hava şəraiti barədə xəbərdar edib və mümkün həyəcanı azaltmaq üçün onlardan dərindən nəfəs almağı xahiş edib.
Lakin təyyarə qatı dumana və turbulentlik zonasına daxil olanda sərnişinlər arasında təşviş daha da artıb.
Pilotlar iki dəfə eniş etməyə çalışıblar, lakin hər iki cəhd zamanı təhlükəli hava şəraiti səbəbindən ikinci dövrəyə qalxmalı olublar.
Nəticədə kapitan təyyarəni geri çevirmək və uçuşun başladığı Boqota aeroportuna qayıtmaq qərarı verib.

