Moskva-Naxçıvan reysini yerinə yetirən Utair aviaşirkətinə məxsus təyyarədə insident baş verib. Bu barədə Baza “Telegram” kanalı məlumat yayıb.
Məlumata görə, sərnişinlərdən biri tualetə getmək istəyərkən səhvən servis qapısını tualet qapısı ilə qarışdırıb və onu açmağa çalışıb.
Hadisə təyyarə Xəzər dənizi üzərində, təxminən 11 min metr hündürlükdə uçarkən baş verib. Bu zaman pilot kabinəsində qəza siqnalı işə düşüb.
Bort bələdçiləri vəziyyətə dərhal müdaxilə edərək qadını vaxtında dayandırıblar. Bununla da təyyarədə mümkün təhlükəli vəziyyətin qarşısı alınıb.
İnsidentdən sonra sərnişin izahatında qapıları qarışdırdığını bildirib.
Təyyarə sonradan Naxçıvana vaxtında çata bilməyib. Lakin buna səbəb baş verən insident deyil, hava şəraitinin kəskin pisləşməsi olub. Naxçıvan hava limanı təyyarəni qəbul etmədiyi üçün pilotlar layneri ehtiyat aerodrom kimi Gəncədə endirmək qərarı veriblər.

