Pakistanın Pişəvər şəhərində məktəbin damının çökməsi nəticəsində 28-i uşaq, biri müəllim olmaqla, ümumilikdə 29 nəfər həyatını itirdi, 40-dan çox insan yaralandı.
Hadisə ölkənin Xayber-Paxtunxva əyalətində yerləşən “Al Khair” adlı özəl məktəbdə baş verib.

Associated Press agentliyinin məlumatına görə, üçmərtəbəli məktəb binasının damı dərs zamanı çöküb. Nəticədə çox sayda şagird dağıntılar altında qalıb.
Pişəvərdəki “Lady Reading” xəstəxanası hadisə nəticəsində həyatını itirənlərin və yaralananların xəstəxanaya gətirildiyini açıqlayıb.

Şəhərin polis rəisi Mian Səid 40-dan çox insanın xəsarət aldığını bildirib.
Hadisə yerinə çoxsaylı xilasedicilər və təcili tibbi yardım briqadaları cəlb olunub. Dağıntılar altında qalan şagirdlərin axtarışı və təxliyəsi istiqamətində əməliyyatlar aparılıb.

Pakistanın Baş naziri Şahbaz Şərif faciə ilə əlaqədar dərin kədərini ifadə edərək həlak olanların ailələrinə başsağlığı verib.
Baş nazir yaralıların bütün zəruri tibbi yardımla təmin olunması, eləcə də axtarış-xilasetmə işlərinin sürətləndirilməsi barədə aidiyyəti qurumlara göstəriş verib.

İlkin araşdırmalara əsasən, məktəb binasının konstruksiyasında ciddi zəifliklər olub. Hadisədən sonra məktəbin sahibi saxlanılıb və damın çökməsinin səbəblərini müəyyənləşdirmək üçün istintaqa başlanılıb.

