Pakistanın Lahor şəhərində tədris mərkəzinin damının uçması nəticəsində 14 uşaq həlak olub.
Bu barədə yerli Ary News telekanalı məlumat yayıb.
Bildirilir ki, həlak olan uşaqlardan ən kiçiyinin 5, ən böyüyünün isə 16 yaşı olub.
Hadisə zamanı tədris mərkəzində təxminən 35 uşaq olub. Dağıntılar altından artıq 20 şagird və 1 müəllim çıxarılıb.
Məlumata görə, 12 nəfər xəstəxanaya yerləşdirilib. Onların hamısının vəziyyətinin ağır olduğu bildirilir.
İlkin məlumata əsasən, damın uçmasına bir mərtəbəli binanın damında aparılan tikinti işləri səbəb olub. Təmir zamanı işçilərin torpaq və digər materiallardan istifadə etdiyi, bunun isə konstruksiyaya əlavə ağırlıq salaraq uçquna səbəb olduğu ehtimal edilir.
Yerli hüquq-mühafizə orqanları tədris mərkəzinin sahibi olan iki qardaşı saxlayıb. Ümumilikdə səhlənkarlıq işi üzrə 5 nəfər saxlanılıb, daha bir ortaq sahibin axtarışları davam etdirilir.

