Dünya Antidopinq Agentliyinin (WADA) sabiq prezidenti Kreyq Ridi 85 yaşında vəfat edib.
Bu barədə Beynəlxalq Olimpiya Komitəsinin (MOK) rəsmi saytında məlumat verilib.
Qeyd olunur ki, o, MOK-un fəxri üzvü olub və dünya idmanında mühüm rol oynayıb.
MOK prezidenti Kirsti Koventri onun fəaliyyətini yüksək qiymətləndirərək bildirib:
“O, dürüstlüyün sarsılmaz müdafiəçisi idi və ən çətin dövrlərdə dünya idman ictimaiyyətinə qətiyyətlə rəhbərlik edib. Onun Olimpiya Oyunlarına, təmiz idmana və idmançıların inkişafına töhfəsi daim yaşayacaq.”
Kreyq Ridinin idman yolu 1960-cı illərdə uğurlu badmintonçu kimi başlayıb. Daha sonra idarəçilik sahəsinə keçərək Beynəlxalq Badminton Federasiyasına rəhbərlik edib və onun dövründə bu idman növü 1992-ci ildə Barselona Olimpiadasının proqramına daxil edilib.
O, həmçinin London-2012 Olimpiya Oyunlarının hazırlanmasında mühüm rol oynayıb. Ridinin karyerasında ən məsuliyyətli mərhələlərdən biri isə WADA-ya rəhbərlik etdiyi dövr olub.
Onun həmkarları Kreyq Ridinin “təmiz idman”ın inkişafına böyük töhfə verdiyini və dopinqə qarşı qətiyyətli mübarizə apardığını vurğulayırlar.

