2025-ci ilin yekunlarına görə, oflayn pərakəndə satışda təmsil olunan kütləvi seqment geyim brendlərinin 34 faizi zərərlə işləyib.
Bu barədə “Vedomosti” qəzeti Fashion Consulting Group-un məlumatlarına istinadən yazıb. Qrup bazarın 100 ən böyük iştirakçısını təhlil edib.
Məlumata görə, “Tvoye” mağazalar şəbəkəsinin xalis zərəri 372,3 milyon rubldan 620,8 milyon rubla yüksəlib. Bununla yanaşı, şirkətin gəliri 17 milyard rubla çatıb.
Oodji brendinə sahib “Avqust” şirkəti isə son üç ildə ilk dəfə zərərlə üzləşib. Şirkətin zərəri 819,2 milyon rubl təşkil edib. Halbuki bir il əvvəl şirkət dövrü 58 milyon rubl mənfəətlə başa vurmuşdu.
Oodji-nin gəliri də 6,7 milyard rubldan 5,6 milyard rubla enib.
Premium seqmentdə isə zərərlə işləyən şirkətlərin payı 40 faizə çatıb.
Müqayisə üçün, 2022-ci ildə bu göstəricilər müvafiq olaraq kütləvi seqmentdə 18 faiz, premium seqmentdə isə 22 faiz idi.

