Brent markalı neftin fyuçers qiyməti Hörmüz və Babülməndəb boğazlarında daşınma risklərinin artması, eləcə də Yaxın Şərqdə enerji infrastrukturuna mümkün hücumlarla bağlı narahatlıqlar fonunda 100 dolları ötüb.
“Anadolu Agentliyinin məlumatına görə, Brent neftinin əvvəlki sessiyada 94,07 dollar olan bir barelinin qiyməti saat 16:16-da təxminən 6,5 faiz artaraq 100,17 dollara çatıb. Bununla da qiymət 27 maydan bəri ən yüksək səviyyəsini görüb. ABŞ-nin WTI markalı neftinin bir bareli isə 91,54 dollara satılıb.
Bahalaşmaya ABŞ və İran arasında gərginliyin Hörmüz boğazından neft daşınmasını poza biləcəyi ilə bağlı qorxular təsir göstərib. Husilərin Səudiyyə Ərəbistanına qarşı “dəniz blokadası” elan etməsi və Qırmızı dənizdə iki Səudiyyə neft tankerinə hücum etdiyini bildirməsi Babülməndəb boğazında təhlükəsizlik risklərini də artırıb.
ABŞ Prezidenti Donald Tramp Husilərin yeni hücumları baş verəcəyi təqdirdə İranın məsuliyyət daşıyacağını və hərbi cavabla üzləşəcəyini bildirib.
Tərəflərin qarşılıqlı təhdidləri mühüm enerji obyektlərinin və neftdaşıma marşrutlarının təhlükəsizliyi ilə bağlı narahatlıqları daha da gücləndirib.

