ABŞ Prezidenti Donald Tramp administrasiyasının sərt miqrasiya siyasəti ölkənin Fast-Food sektoruna da təsir göstərməyə başlayıb.
Financial Timesın məlumatına görə, 2025-ci ildə deportasiya və ölkəni könüllü tərk etmə nəticəsində ABŞ-dan təxminən 3 milyon nəfər gedib. Onların böyük hissəsini Latın Amerikası ölkələrindən olan şəxslər təşkil edir. Bu qrup isə ABŞ-da fast-food istehlakçılarının mühüm hissəsidir.
Araşdırma şirkəti Technomic 2024 və 2025-ci illərdə şəbəkə restoranlarında satış artımının kəskin şəkildə zəiflədiyini bildirib. McDonald’s yeni restoranların açılması tempini azaltmağa başlayıb, Wendy’s və Subway isə son bir ildə yüzlərlə məntəqəsini bağlayıb.
Nəşr qeyd edir ki, ABŞ son onilliklər ərzində aşağı doğum səviyyəsini əsasən miqrasiya hesabına kompensasiya edirdi. Lakin iqtisadçıların hesablamalarına görə, 2025-ci ildə ölkədə xalis miqrasiya son yarım əsrdə ilk dəfə mənfi olub.
Ekspertlər hesab edirlər ki, əhalinin, xüsusilə də fast-food məhsullarını daha çox istehlak edən demoqrafik qrupların azalması restoran şəbəkələrinin satışlarına və genişlənmə planlarına birbaşa təsir göstərir.
Financial Times bu tendensiyanı Tramp administrasiyasının immiqrasiya qaydalarını sərtləşdirməsi, deportasiyaları artırması və ölkəyə yeni miqrant axınının azalması ilə əlaqələndirir.

