ABŞ administrasiyası ölkəni könüllü şəkildə tərk edəcək qeyri-leqal miqrantlar üçün ödənişlərin əhəmiyyətli dərəcədə artırıldığını elan edib. Yeni qərara əsasən, 2025-ci ilin sonunadək ölkədən könüllü çıxış edənlərə 3 min dollar məbləğində pul mükafatı veriləcək.
Daxili təhlükəsizlik naziri Kristi Noemin bildirdiyinə görə, “özünü deportasiya” proqramından xüsusi mobil tətbiq vasitəsilə 2025-ci ilin sonunadək yararlanmaq mümkün olacaq.
Nazir sosial şəbəkə paylaşımında qeyd edib ki, Milad mövsümündə ABŞ vergiödəyiciləri qeyri-leqal miqrantların ölkəni könüllü tərk etməsi üçün stimulu üçqat artırıb.
Maliyyə mükafatı ilə yanaşı, hökumət miqrantların aviabiletlərini ödəməyə davam edəcək, həmçinin miqrasiya qanunvericiliyinin pozulmasına görə tətbiq olunan cərimələr silinəcək. Rəsmilərin məlumatına görə, 2025-ci ilin əvvəlindən bu günədək könüllü çıxış proqramından təxminən 1,9 milyon nəfər istifadə edib.

