Xroniki yorğunluqdan əziyyət çəkən şəxslər qalxanabənzər vəzinin fəaliyyətini, həmçinin diabet və anemiyanın olub-olmadığını yoxlamalıdırlar.
Bu barədə Moskva Vilayəti Səhiyyə Nazirliyinin Krasnoqorsk xəstəxanasının endokrinoloqu Tatyana Qubina “Podmoskovye segodnya” nəşrinə danışıb.
Həkimin sözlərinə görə, dincəlmədən sonra da yorğunluq keçmirsə, mütləq müayinədən keçmək lazımdır.
“Hətta analizləri ‘ideal’ olan insanlarda belə orqanizm xroniki stress vəziyyətində ola bilər — bu zaman hormon balansı, maddələr mübadiləsi və sinir sisteminin işi pozulur.
Yorğunluğun arxasında bəzən ürək çatışmazlığı, depressiya, autoimmun xəstəliklər və ya onkoloji proseslər gizlənə bilər,” — deyə Qubina vurğulayıb.
O əlavə edib ki, yorğunluqla yanaşı arıqlama, başgicəllənmə, təngnəfəslik və təzyiqdə sıçrayışlar da təşviş siqnalı sayılmalıdır.
Həkim onu da qeyd edib ki, problemlərin kökündə bəzən psixoemosional vəziyyət — uzunmüddətli emosional gərginlik və ya stress dayana bilər.

