Demək olar ki, hər ofis əməkdaşı həyatında ən azı bir dəfə bel ağrısı ilə üzləşir, bəziləri isə bunu daimi müşayiətçi kimi yaşayır. “Qazeta.Ru”ya danışan neyroxirurq, Fomina Klinikasının ağrı müalicəsi mərkəzinin rəhbəri Stanislav Timonin bu ağrıların dörd əsas səbəbini açıqlayıb: monitorun səhv yerləşdirilməsi, uzun müddət hərəkətsiz oturmaq, iş zamanı fasilələrin olmaması və sutulma vərdişi.
Timonin deyir ki, saatlarla kresloda hərəkətsiz oturmaq — bel ağrısının başlıca səbəblərindən biridir. O xatırladıb ki, 2022-ci ildə Journal of Occupational Health jurnalında dərc olunan geniş icmal belə bir nəticəyə gəlib:
“İnsan nə qədər çox hərəkətsiz oturursa, xroniki bel ağrısı riski bir o qədər artır. Axşam idmana getmək də günü kresloda ‘əzib’ kompensasiya etmir.”
İkinci səbəb — monitorun yanlış yerdə olmasıdır. Ekran aşağı qoyulduqda baş irəli uzanır, çiyinlər düşür, bel əyilir və klassik “ofis pozası” yaranır. Bir müddət sonra boyun və çiyinlər sızlamağa başlayır, ardınca bel də ağrıya qoşulur.
“Monitorun, stulun və klaviaturanın düzgün hündürlüyü və yerləşdirilməsi boyun və bel ağrılarını ciddi şəkildə azaldır. Qayda sadədir: ekranın yuxarı kənarı göz səviyyəsində olmalıdır, monitor düz qarşıda dayanmalıdır ki, günün yarısını yan dönmüş vəziyyətdə keçirməyəsən,” — deyə həkim əlavə edib.
Üçüncü səbəb — ofis həyat tərzinin özü. İnsan orqanizmi hərəkətə uyğun yaradılıb, ‘stul–lift–maşın–divan’ formatlı həyat isə ona ziddir.
Dördüncü səbəb — sutulmaq vərdişi. Timonin deyir:
“Bu ‘bir az sutuluram’ söhbəti illər ərzində möhkəm vərdişə çevrilir. Nəticədə bəzi əzələlər həddindən artıq yüklənir, digərləri isə demək olar, işə qoşulmur. Bu isə əzələ disbalansı yaradır və ağrı sindromunu sabitləşdirir. Sutulmaq artıq çoxdan ‘ofis epidemiyası’ adlanır.”
Mütəxəssisə görə, bel ağrısının çoxu sadə addımlarla aradan qalxa bilər: monitoru qaldırmaq, stulu bir az düzgünləşdirmək, gün ərzində vaxtaşırı ayağa qalxmaq və hərəkət etmək.
“Əgər bu dəyişikliklər kömək etmirsə, artıq həkimə müraciət etmək lazımdır,” — deyə Timonin vurğulayır.

