ABŞ-ın Virciniya ştatında yaşayan Loren Kanadey geniş infarktdan sonra klinik ölüm keçirib və bu hadisə onun həyata baxışını tamamilə dəyişib. Bu barədə Daily Star yazır.
Məlumata görə, Loren Kanadey 2023-cü ilin fevralında evində özünü pis hiss edib və huşunu itirib. Həyat yoldaşı dərhal ona süni tənəffüs verib və təcili yardım çağırıb. Həkimlər qadının ürəyini yalnız 24 dəqiqədən sonra yenidən işə sala biliblər. O, doqquz gün reanimasiyada, bunun iki gününü komada keçirib.
Qadın bildirib ki, yaşadığı təcrübə kitablarda və məqalələrdə təsvir olunan “tunel” və ya “parlaq işıq”la müşayiət olunmayıb.
“Mən yalnız qeyri-adi bir sakitlik hissini xatırlayıram. Ayıldıqdan sonra belə bu hiss bir neçə həftə məni tərk etmədi”, – deyə Loren Kanadey bildirib.
Onun sözlərinə görə, həmin güclü hiss həyatını tam dəyişib. İndi çətinliklərlə üzləşəndə o, həmin sakitlik duyğusunu xatırlayaraq özünü sakitləşdirir.
“Artıq ölümdən qətiyyən qorxmuram. Orada konkret bir şey görmədim, amma bu məsələ məni narahat etmir”, – deyə qadın vurğulayıb.
Loren Kanadey etiraf edir ki, infarktdan əvvəlki insan olmadığını hiss edir və bu hadisədən sonra həyata münasibəti köklü şəkildə dəyişib.

