Mirror nəşrinin yazdığına görə, 29 yaşlı Keti Uorren Türkiyənin Fəthiyə şəhərində istirahət zamanı insult keçirib və bundan sonra tay aksenti ilə danışmağa başlayıb.
Hadisə onun ad gününü qeyd etməyə hazırlaşdığı vaxt baş verib. Uorren restorana gedərkən qəfil başgicəllənmə hiss edib və hərəkət qabiliyyətini itirib. Dostu təcili yardım çağırıb, qadın xəstəxanaya çatdırıldıqdan sonra insult diaqnozu qoyulub.
Ayıldıqdan sonra Keti bədəninin sol tərəfinin iflic olduğunu və səsinin tamamilə dəyişdiyini görüb. Həkimlər onda “xarici aksent sindromu” adlanan nadir pozuntu aşkarlayıblar – bu zaman insan insult və ya beyin zədəsindən sonra fərqli, yad aksentlə danışmağa başlayır.
“Əvvəl britaniya aksentim vardı, amma oyananda səsim tamam fərqli idi. Həkimlər deyirlər ki, bu, anamın Tayland əsilli olması ilə bağlı ola bilər – indi mənim danışığım ona bənzəyir,” — deyə Keti danışıb.
Bir ay Türkiyədə xəstəxanada qaldıqdan sonra Keti Böyük Britaniyaya qayıdıb, burada iki ay stasionar müalicə, daha sonra üç ay reabilitasiya keçib. Qadın yenidən yeriməyi və danışmağı öyrənib, amma səsi hələ də “xarici” səslənir.

