Kardioloq Sergey Veçtomov LIFE.ru-ya açıqlamasında bildirib ki, nəbzin normadan xeyli yüksək və ya aşağı olması sinə ağrısı, güclü nəfəs darlığı, şiddətli başgicəllənmə və ya huşun itirilməsi ilə müşayiət olunarsa, həkimə müraciət etmək lazımdır.
Onun sözlərinə görə, isti havada insanın vəziyyəti qəfil pisləşərsə və sərin yerə keçdikdən 20 dəqiqə sonra da yaxşılaşmazsa, tibbi yardım almaq vacibdir.
Veçtomov qeyd edib ki, isti havada nəbzin sürətlənməsi və ya qeyri-müntəzəm olması hər zaman ürək xəstəliyinə işarə etmir. Bəzən bu, orqanizmin yüksək temperatura verdiyi təbii reaksiyadır.

Həkimin izahına görə, yüksək temperatur zamanı orqanizm aktiv şəkildə maye itirir. Qan daha qatı olur və normal qan dövranını təmin etmək üçün ürək daha intensiv işləməli olur. Nəticədə nəbz sürətlənə bilər.
Kardioloq xüsusilə ürək ritmində nəzərəçarpacaq pozuntular, xaotik döyüntü hissi və ya qəfil başlayan çox sürətli nəbz tutmaları zamanı diqqətli olmağa çağırıb.
O, həmçinin əlamətlər uzun müddət davam edərsə və ya vəziyyətin pisləşməsi mütəmadi təkrarlanarsa, mütəxəssisə müraciət etməyi tövsiyə edib.

