Quru öskürək insanı uzun müddət narahat edirsə, ürəyin vəziyyətini yoxlatmaq vacibdir. Bu barədə Dövlət Maarif Universitetinin tibb fakültəsinin cərrahiyyə kafedrasının baş müəllimi Aleksandr Umnov “Lenta.ru”ya açıqlamasında bildirib.
Həkimin sözlərinə görə, ağciyərlər qan dövranı sistemi ilə sıx əlaqəlidir. Buna görə tibbdə “ürək öskürəyi” anlayışı mövcuddur və onu bronxitlə qarışdırmaq olmaz.
Xüsusilə gecələr, insan uzananda qəfil başlayan kəskin quru öskürəyə diqqət yetirmək lazımdır. Umnov izah edib ki, ürəyin müxtəlif xəstəlikləri zamanı ağciyərlərdə qan dövranı pozulur, venoz qanın axını zəifləyir və ağciyərlərdə maye yığılması baş verə bilər.
“Bu halda öskürək allergiya, mikrob və ya soyuqdəymə kimi xarici qıcıqlandırıcılar olmadan yaranır. Səbəb ağciyərlərə qan sızması və orqanizmin buna cavab reaksiyasıdır”, deyə həkim bildirib.
Umnov əlavə edib ki, sistemli öskürək bəzən ürəyin qanı lazımi şəkildə pompalaya bilmədiyinə işarə edə bilər. Bu zaman damarlar həddindən artıq yüklənir və nəticədə insanda pnevmoskleroz, yəni ağciyər toxumasının birləşdirici toxuma ilə əvəzlənməsi inkişaf edə bilər. Bu isə qaz mübadiləsinin pozulmasına və tənəffüs çatışmazlığına gətirib çıxara bilər.

Belə öskürək ürək qüsuru, ürək əzələsinin infeksion iltihabı, ürək qişasının xroniki iltihabı, arterial hipertenziya və ürəyin işemik xəstəliyi kimi problemlərlə bağlı ola bilər.
Həkim bildirib ki, bu tip öskürək daha çox intensiv yerimə zamanı və ya uzun müddət uzandıqdan sonra özünü göstərə bilər.
“Yetkin və yaşlı insanlarda öskürək ciddi, hətta həyati təhlükəli xəstəliklərin göstəricisi ola bilər. Bu simptom müşahidə olunarsa, dərhal ixtisaslı tibbi yardıma müraciət etmək tövsiyə olunur”, deyə Aleksandr Umnov vurğulayıb.

