Türkiyənin Elazığ şəhərində yerləşən Fırat Universiteti Tibb Fakültəsinin Kardiologiya kafedrasının professoru Prof. Dr. Tarık Kıvrak, qış aylarında ürək çatışmazlığı olan xəstələrin diqqət etməli olduğu məqamlar barədə məlumat verib.
Onun sözlərinə görə, qış mövsümü ürək çatışmazlığı olan insanlar üçün bir sıra xüsusi risklər yaradır. Soyuq hava damarların daralmasına səbəb olur və bu da ürəyin iş yükünü artırır. Nəticədə nəfəs darlığı, tez yorulma və bədəndə ödem kimi şikayətlər arta bilər.
Professor Kıvrak vurğulayıb ki, soyuqdan qorunmaq böyük əhəmiyyət daşıyır. Ani temperatur dəyişikliklərindən qaçmaq, qat-qat geyinmək və xüsusilə səhər tezdən çox soyuq havada çölə çıxmamaq tövsiyə olunur. Ev şəraitinin isə nə həddindən artıq soyuq, nə də çox isti olmaması ürəyə düşən yükü azaldır.
Qış aylarında infeksiya riskinin artdığına diqqət çəkən kardioloq bildirib ki, qrip və tənəffüs yolu infeksiyaları ürək çatışmazlığını sürətlə ağırlaşdıra bilər. Bu səbəbdən qrip və pnevmoniya əleyhinə peyvəndlərin laqeyd yanaşılmaması, qapalı və izdihamlı məkanlarda maskadan istifadənin davam etdirilməsi vacibdir.
Bundan əlavə, duz qəbulu mütləq məhdudlaşdırılmalı, maye qəbulu isə həkimin tövsiyə etdiyi səviyyədə saxlanmalıdır. Xəstələr özlərini yaxşı hiss etdikləri dövrlərdə belə dərman qəbulunu dayandırmamalıdırlar.
Çəki artımı, nəfəs darlığının güclənməsi, ayaqlarda şişkinlik və ya gecə nəfəs çatışmazlığı ilə oyanma kimi əlamətlər yarandıqda isə vaxt itirmədən həkimə müraciət etmək zəruridir.

