Atipik infarkt zamanı klassik sinə ağrısı olmaya bilər və xəstəlik ürəkbulanma, qusma, qəfil nəfəs darlığı, güclü zəiflik və soyuq tər kimi əlamətlərlə özünü göstərə bilər.
Kardioloq Anastasiya Poskakalova RT-yə açıqlamasında bildirib ki, bəzi hallarda infarkt hətta tamamilə simptomsuz da keçə bilər.
Mütəxəssisin sözlərinə görə, bu əlamətlər sakit vəziyyətdə 20 dəqiqədən çox davam edərsə, mümkün qədər tez təcili tibbi yardım çağırmaq lazımdır. EKQ-nin vaxtında çəkilməsi düzgün diaqnoz və müalicə şansını artırır.
Həkim qeyd edib ki, atipik infarkt yaşlı insanlarda və diabet xəstələrində daha çox rast gəlinir. Belə hallarda sinə arxasında ağrı əvəzinə qarın, bel və ya bədənin başqa nahiyəsində narahatlıq hiss oluna bilər.
Profilaktika üçün mütəxəssis daha çox hərəkət etməyi, zərərli vərdişlərdən uzaq durmağı və keyfiyyətli qidalanmağa üstünlük verməyi tövsiyə edib.

