Kirpik qaynağı bəzi hallarda göz sağlamlığı üçün ciddi fəsadlara, hətta görmə qabiliyyətinin zəifləməsinə səbəb ola bilər.
“Schastlivıy vzqlyad” optika şəbəkəsinin oftalmoloqu Anna Şamarova “Lenta.ru”ya açıqlamasında xüsusilə 4-5D kimi çox həcmli kirpik qaynaqlarına ehtiyatla yanaşmağı tövsiyə edib.
Həkimin sözlərinə görə, prosedur göz səthindən cəmi bir neçə millimetr məsafədə yapışqan, patç və müxtəlif alətlərdən istifadə edilməklə həyata keçirilir. Həcmli süni kirpiklər isə təbii kirpiklərin dibinə əlavə yük yaradır.
Şamarova bildirib ki, kirpik qaynağından sonra ən çox allergik blefarit və keratokonyunktivit müşahidə olunur. Yapışqanın tərkibindəki qıcıqlandırıcı maddələr göz qapaqlarında şişkinlik və qaşınma, gözlərdə isə qızartı, sulanma və yanma yarada bilər.

Daha təhlükəli hal isə buynuz qişanın yapışqan, kirpikləri çıxarmaq üçün istifadə edilən vasitə və ya düzgün yapışdırılmamış kirpiklə zədələnməsidir. Belə zədələnməyə infeksiya qoşularsa, mikrob keratiti inkişaf edə bilər.
Həkim xəbərdarlıq edib ki, infeksiya buynuz qişada xoraya, müalicədən sonra isə çapıq yaranmasına gətirib çıxara bilər. Bu isə bəzi hallarda görmə qabiliyyətinin əhəmiyyətli dərəcədə azalmasına səbəb ola bilər.
Bundan başqa, süni kirpiklərin təmizlənməsi çətin olduğundan onlar göz qapaqlarının tam bağlanmasına və normal göz qırpmağa mane ola bilər. Nəticədə göz quruluğu, gözdə qum hissi, görmənin qeyri-sabitliyi və kontakt linzalardan istifadə zamanı narahatlıq yarana bilər.
Uzunmüddətli əlavə yük təbii kirpiklərə də təsir göstərərək onların nazikləşməsinə, qırılmasına və tökülməsinə səbəb ola bilər.

