Manikür və pedikür zamanı yaranan kiçik kəsiklər belə ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. Bu barədə bioloq İrina Lyalina Lenta.ru-ya açıqlamasında xəbərdarlıq edib.
Onun sözlərinə görə, mikroyaralar bakteriyalar, göbələklər və viruslar üçün “giriş qapısı” rolunu oynaya bilər. İnfeksiya düşdükdə isə iltihab və irinli proseslər inkişaf edə bilər.
Nadir, lakin ağır hallarda irinli proses yayılaraq sepsisə, vətərlərin iltihabına, sümüklərin zədələnməsinə və nekroza səbəb ola bilər. Bu isə hətta amputasiyaya qədər gedib çıxa bilər.
Mütəxəssis bildirib ki, kəsiklər vasitəsilə hepatit B və C viruslarına, həmçinin HİV infeksiyasına yoluxma riski də mövcuddur, xüsusilə də alətlər steril deyilsə.
İrina Lyalinanın sözlərinə görə, yaş manikür proseduru daha risklidir, çünki bu zaman yaranan kiçik yaralar daha gec sağalır.
Problemlərin qarşısını almaq üçün o, manikür və pedikürün yalnız peşəkar ustalar tərəfindən və alətlərin üç mərhələli sterilizasiyası ilə aparılmasını tövsiyə edib.

