İsveçli Andre Helqesen Çində fəaliyyət göstərən arıqlama düşərgəsində keçdiyi ağır rejim nəticəsində dörd həftə ərzində 51 kiloqram çəki itirib. Onun sözlərini “Daily Mirror” yayıb.
Helqesen Çinə getməzdən əvvəl də arıqlamağa çalışdığını bildirib. O, məşq düşərgəsində əvvəlki nəticələrini möhkəmləndirmək qərarına gəlib.
Proqrama intensiv məşqlər, tibbi müayinələr, qidalanma üzrə məsləhətlər və psixoloji dəstək daxil olub.
Düşərgəyə qəbul edilən hər bir iştirakçıya şəxsi məşqçi ayrılıb. Helqesenin sözlərinə görə, məşqçilər çox vaxt hərəkətləri iştirakçılarla birlikdə yerinə yetiriblər.
“Onlar əziyyət çəkir, biz də əziyyət çəkirik”, — deyə o, düşərgədəki rejimi təsvir edib. Helqesen bildirib ki, bunu görmək ona artıq çəkidən qurtulmağa kömək edib.
Düşərgədə o, hər gün üç dəfə məşq edib və təxminən 1300 kalori qəbul edib.
Yeni qidalanma rejiminin ən çətin hissəsi məcburi aclıq müddəti olub. İştirakçılar sonuncu dəfə saat 17:00-da yemək yeyib, növbəti qidanı isə yalnız səhər saat 08:00-da qəbul edə biliblər.
Helqesen etiraf edib ki, bəzi gecələr aclığa dözməyərək alma yeyib.
Nəticədə o, 51 kiloqram arıqlamağa nail olub. Helqeseni təəccübləndirən isə düşərgədə arıqlama prosesinin evdə arıqlamaqdan ciddi şəkildə fərqlənməməsi olub.
“Orada da düşmən evdəki ilə eynidir. Uğur tamamilə sənin özündən asılıdır”, — deyə o bildirib.

