Qadınlarda infarktın əlamətləri bəzən gözlənilməz şəkildə özünü göstərir və bu səbəbdən vaxtında fərq edilməyə bilər.
Bu barədə terapevt və ginekoloq Niqat Arif “Mirror” nəşrinə açıqlamasında danışıb.
Həkimin sözlərinə görə, qadınlarda infarkt yalnız sinə ağrısı ilə müşayiət olunmur. Bəzi hallarda əlamətlər başqa xəstəliklərlə qarışdırıla bilər.
Mütəxəssis qadınların diqqət yetirməli olduğu beş əlaməti açıqlayıb:
-
Səbəbi bilinməyən təngnəfəslik – fiziki gərginlik olmadan nəfəs almaqda çətinlik yaranması.
-
Davamlı ürəkbulanma – aydın səbəbi olmayan və keçməyən ürəkbulanma hissi.
-
Bel, kürəkarası nahiyə və çənə ağrısı – küt xarakterli, digər nahiyələrə yayılan ağrı.
-
Səbəbsiz narahatlıq hissi – qəfil yaranan qeyri-adi təşviş.
-
Qripə bənzər əlamətlər – ümumi halsızlıq və xəstəlik hissi.
Niqat Arif qadınları orqanizmlərində baş verən qeyri-adi dəyişikliklərə diqqətlə yanaşmağa çağırıb.
Onun sözlərinə görə, xüsusilə gənc qadınlar infarktın xəbərdaredici əlamətlərini bəzən ciddi qəbul etmirlər.
“Gənc qadınların infarktdan sonrakı bir il ərzində həyatını itirmə ehtimalı eyni yaşda olan kişilərlə müqayisədə iki dəfə yüksəkdir. Bu, onların ürəklərinin daha zəif olması ilə deyil, əlamətlərə diqqət yetirməmələri və onları görməzdən gəlmələri ilə bağlıdır”, – deyə həkim bildirib.
Mütəxəssis qadınlara səhhətlərində qeyri-adi dəyişikliklər hiss etdikdə tibbi yardıma müraciət etməyi tövsiyə edib.
Həkimlər xatırladırlar ki, infarkt zamanı hər dəqiqə əhəmiyyətlidir. Təngnəfəslik, sinədə təzyiq və ya digər şübhəli əlamətlər qəfil yaranarsa, təcili tibbi yardım çağırmaq vacibdir.

