Boğazda uzun müddət keçməyən “düyün”, sıxılma və ya yad cisim hissi bəzi hallarda baş-boyun nahiyəsində şişlərin əlaməti ola bilər.
Onkoloq Anastasiya Fatyanova NEWS.ru-ya açıqlamasında bildirib ki, xüsusilə bu hiss iştahanın azalması, ağrı, udma və ya nəfəsalma çətinliyi ilə müşayiət olunursa, diqqətli olmaq lazımdır.
Mütəxəssisin sözlərinə görə, baş və boyun şişləri ilkin mərhələlərdə çox vaxt əhəmiyyətsiz görünən narahatlıqlarla özünü göstərə bilər. Məsələn, törəmə qırtlaq və səs tellərinə təsir etdikdə səsdə xırıltı və ya batıqlıq yarana bilər.
Boğazda düyün hissi zamanı insan daim öskürmək, boğazını təmizləmək istəyir və bəzən udmaq çətinləşir. Lakin həkim vurğulayıb ki, bu simptomlar xoşxassəli törəmələrdə də müşahidə oluna bilər. Buna görə ən düzgün addım mütəxəssisə müraciət etməkdir.
Belə narahatlıq laringit, faringit, tonzillit və qalxanabənzər vəzin böyüməsi ilə də bağlı ola bilər.
Simptom bir neçə həftə keçmirsə, qısa yaxşılaşmadan sonra yenidən güclənirsə, boyundakı limfa düyünləri böyüyürsə, ağrı, iştahasızlıq və nəfəs darlığı yaranırsa, müayinəni gecikdirmək olmaz.

