Xərçəng xəstəliklərinin erkən mərhələlərində insan özünü demək olar ki, sağlam hiss edə bilər. Lakin bu zaman orqanizmdə artıq şiş inkişaf etməyə başlamış ola bilər.
Bu barədə «SM-Klinika»nın onkoloqu və kimyaterapevti Rasul Axmayev «Lenta.ru» nəşrinə müsahibəsində danışıb.
Həkimin sözlərinə görə, onkoloji xəstəliklərin ilkin mərhələlərində ortaya çıxan, ilk baxışdan zərərsiz görünən əlamətləri diqqətdən kənarda saxlamaq olmaz. Bu simptomları dərman və vitaminlərlə aradan qaldırmağa çalışmaq, yaxud öz-özünə keçəcəyini düşünmək düzgün deyil.
Onkoloq ilk növbədə tez-tez soyuqdəyməyə yoluxmağa və uzun müddət keçməyən öskürəyə diqqət yetirməyi tövsiyə edib.

Axmayevin sözlərinə görə, insanın ardıcıl şəkildə xəstələnməsi immun sisteminin zəifləməsi ilə əlaqəli ola bilər. Belə halları iqlim, yorğunluq, vitamin və yuxu çatışmazlığı ilə izah etmək mümkün olsa da, insan özünü sağlam hiss etdiyindən daha çox xəstə olursa, müayinədən keçməsi məqsədəuyğundur.
Həkim davamlı yorğunluğun da onkoloji xəstəliklərin diqqətdən qaçan əlamətlərindən biri ola biləcəyini bildirib. Onun sözlərinə görə, bu simptom bəzən həm xəstələrin özləri, həm də müraciət etdikləri həkimlər tərəfindən kifayət qədər ciddi qiymətləndirilmir.
Həzm sistemində yaranan narahatlıq və pozuntular da diqqət yetirilməli əlamətlər sırasındadır. Onkoloq qeyd edib ki, bəzi xərçəng növləri erkən mərhələdə digər həzm sistemi xəstəliklərinə bənzər simptomlarla özünü göstərə bilər. Buna görə də səbəbi bilinməyən narahatlıqlar 2–3 həftə ərzində keçmirsə, mütəxəssisə müraciət etmək tövsiyə olunur.
Axmayev iştahanın azalmasını və səbəbsiz çəki itkisini də mümkün xəbərdaredici əlamətlər arasında göstərib.
Onun sözlərinə görə, bəzi hallarda insan cəmi bir neçə ay ərzində 10–15 kiloqram arıqlaya bilər. Həkim buna nümunə olaraq mədəaltı vəzi xərçəngini göstərib. Belə hallarda şiş həzm fermentlərinin axdığı kanalları bağlayaraq qidanın normal həzminə və mənimsənilməsinə mane ola bilər.
Onkoloq gecələr həddindən artıq tərləməyə də diqqət çəkib. O bildirib ki, bu əlamət xüsusilə limfoma zamanı müşahidə oluna bilər. Bəzi xəstələr gecə ərzində bir neçə dəfə paltarlarını dəyişməli olurlar.
Həkimin izahına görə, şişin inkişafı zamanı orqanizmdə baş verən dəyişikliklər ümumi zəiflik, yorğunluq və apatiya ilə də müşayiət oluna bilər.
Axmayev insanları sağlamlıq vəziyyətlərində baş verən dəyişikliklərə diqqətlə yanaşmağa və şübhəli simptomlar müşahidə etdikdə vaxtında həkimə müraciət etməyə çağırıb.
O vurğulayıb ki, onkoloji xəstəliklərin erkən aşkarlanması müalicənin effektivliyi baxımından böyük əhəmiyyət daşıyır.
Qeyd edək ki, sadalanan simptomlar mütləq xərçəng xəstəliyinin mövcudluğu demək deyil. Bu əlamətlər müxtəlif digər xəstəliklər zamanı da ortaya çıxa bilər. Lakin uzun müddət davam edən və ya səbəbi bilinməyən dəyişikliklər həkim tərəfindən qiymətləndirilməlidir.

