Rejissor Pol Tomas Andersonun çəkdiyi “Döyüş ardınca döyüş” filmi “Oskar” mükafatında “Ən yaxşı film” nominasiyasının qalibi olub.
ABŞ Kino Akademiyasının 98-ci mükafatlandırma mərasimi Los-Anceles şəhərində keçirilib. Təltifetmə mərasimi Moskva vaxtı ilə bazar ertəsinə keçən gecə baş tutub.
Bu nominasiyada həmçinin Kloi Çjaonun “Hamnet”, Gilyermo del Toronun “Frankenşteyn”, Yorqos Lantimosun “Bugoniya”, Coşua Sefdinin “Marti Möhtəşəm”, Kleber Mendonsa Filunun “Gizli agent”, Rayan Kuqlerin “Günahkarlar”, Yoakim Trierin “Sentimental dəyər”, Cozef Kosinskinin “Formula 1” və Klint Bentlinin “Qatarların yuxuları” filmləri də namizəd olub.
Bundan başqa, Pol Tomas Anderson “Ən yaxşı rejissor” nominasiyasında da “Oskar” mükafatına layiq görülüb.
Filmin süjeti Bob Ferqyuson adlı keçmiş inqilabçı-aktivistin hekayəsi üzərində qurulub. O, həyat yoldaşı həbs edildikdən sonra qızı Uilla ilə gizlənməyə məcbur olur. Lakin 16 ildən sonra keçmişi onu yenidən tapır – köhnə düşməni polkovnik Lokco ilə qarşılaşan Ferqyuson qızını xilas etmək üçün keçmiş silahdaşları ilə yenidən birləşməli olur.
“Oskar”ın versiyasına görə “Ən yaxşı aktyor” mükafatını “Günahkarlar” filmindəki roluna görə Maykl B. Cordan, “Ən yaxşı aktrisa” mükafatını isə “Hamnet” filmindəki roluna görə Cessi Bakli qazanıb.
Eyni zamanda Şon Penn “Döyüş ardınca döyüş” filmindəki roluna görə, Emi Mediqan isə “Silahlar” filmindəki roluna görə ikinci plan üzrə ən yaxşı aktyor və aktrisa seçilib.

“Ən yaxşı adaptasiya olunmuş ssenari” mükafatı “Döyüş ardınca döyüş” filmine verilib, “Ən yaxşı orijinal ssenari” isə “Günahkarlar” filminə təqdim olunub.
“K-pop şeytan ovçuları” filmi “Ən yaxşı animasiya filmi” nominasiyasında “Oskar” qazanıb.
“Ən yaxşı xarici film” nominasiyasının qalibi isə “Sentimental dəyər” filmi olub.
Qeyd edək ki, Amerika Kino Sənəti və Elmləri Akademiyasının mükafatı 1929-cu ildə təsis edilib və 1940-cı illərdən etibarən “Oskar” adı ilə tanınır. Mükafat kino sənətinin inkişafına töhfə verən şəxslərə təqdim olunur.

