Azərbaycanın xalq artisti, baletmeyster Maqsud Məmmədov 97 yaşında vəfat edib.
Bu barədə Azərbaycan Mədəniyyət Nazirliyi məlumat yayıb.
Maqsud Davud oğlu Məmmədov 30 may 1929-cu ildə Gəncə şəhərində anadan olub. O, peşəkar təhsilini Moskva xoreoqrafiya məktəbində alaraq 1950-ci ildə məzun olub. 1951-ci ildən etibarən onun yaradıcılığı Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı ilə sıx bağlı olub.
Səhnədə klassik və milli repertuarda yaratdığı obrazlarla tanınan sənətkar “Qu gölü” baletində Ziqfrid, “Jizel”də Albert, “Don Kixot”da Bazil kimi rollarla yanaşı, Azərbaycan baletlərində — “Qız qalası”, “Gülşən”, “Məhəbbət əfsanəsi” kimi əsərlərdə də çıxış edib.
Maqsud Məmmədov eyni zamanda Misir, Yəmən, Əlcəzair, Türkiyə və İsveçdə fəaliyyət göstərərək Azərbaycan xoreoqrafiya sənətinin beynəlxalq səviyyədə tanıdılmasına töhfə verib.
Onun sənətinə verilən yüksək qiymət olaraq 1955-ci ildə “Əməkdar artist”, 1970-ci ildə isə “Xalq artisti” fəxri adlarına layiq görülüb. 2019-cu ildə isə “Şöhrət” ordeni ilə təltif olunub.

