Görkəmli Azərbaycan aktyoru, Kinematoqrafçılar İttifaqının sədri, Xalq Artisti Rasim Balayev vəfat edib.
Denmedia.az xəbər verir ki, bu barədə Baku Post portalı məlumat yayıb. Bildirilir ki, sənətkar müalicə aldığı Türkiyədə dünyasını dəyişib.
Rasim Balayev 8 avqust 1948-ci ildə Ağsu şəhərində anadan olub. 1969-cu ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib və bundan sonra bütün həyatını sənətə həsr edib.
1972-ci ildən etibarən “Azərbaycanfilm” kinostudiyasında aktyor kimi fəaliyyət göstərən Rasim Balayev, milli kinomuzda yadda qalan çoxsaylı obrazlar yaradıb.
O, yaradıcılığı boyunca Azərbaycan kinosunun inkişafına böyük töhfə verib, uzun illər Kinematoqrafçılar İttifaqında rəhbər vəzifələrdə çalışıb, son dövrlərdə isə bu quruma rəhbərlik edib.
1982-ci ildə ona Azərbaycan SSR-in Xalq Artisti fəxri adı verilib. Həmçinin o, 1974-cü ildə Ümumittifaq kino festivalının laureatı olub və Dövlət mükafatı ilə təltif edilib.
Rasim Balayevin vəfatı Azərbaycan mədəniyyəti və kino sənəti üçün böyük itkidir. Onun yaratdığı obrazlar və sənətə verdiyi töhfələr illər boyu yaddaşlarda qalacaq.

