Tanınmış sənətşünas, yazıçı və Sankt-Peterburq Yazıçılar İttifaqının üzvü İrada Berg ömrünün 54-cü ilində vəfat edib.
Bu barədə Sankt-Peterburq Mədəniyyət Komitəsinin mətbuat xidməti məlumat yayıb.
“İrada Tofiq qızı Berg — Vovnenko vəfat edib. Onun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Onun xatirəsi həmkarlarının, dostlarının və yaradıcılığı ilə təmasda olan hər kəsin qəlbində yaşayacaq”, — deyə məlumatda bildirilib.
İrada Bergin ölüm səbəbi, eləcə də vida mərasiminin tarixi və yeri hələlik açıqlanmayıb.

İrada Berg 5 yanvar 1973-cü ildə Sankt-Peterburqda memar Tofiq Həsənovun və riyaziyyatçı ananın ailəsində dünyaya gəlib. Onun atası Azərbaycan əsilli olub. Bakı Politexnik İnstitutunu bitirdikdən sonra təhsilini Leninqradda davam etdirib və daha sonra burada ailə qurub.
2003-cü ildən İrada Berg “Tsarskoye Selo” muzey-qoruğunun beynəlxalq şöbəsində çalışıb. O, Yantar otağının bərpası layihəsində iştirak edib, həmçinin Yekaterina sarayında xeyriyyə məqsədli uşaq ballarının təşkilatçılarından olub.
2006-cı ildə onun ilk uşaq kitabı — “Sehrli kaleydoskop. Petkanın tarix ölkəsinə səyahəti” işıq üzü görüb.
İrada Berg sənətşünaslıq, ədəbiyyat və mədəniyyət sahəsində fəaliyyəti ilə tanınıb.

