Abşeron rayonun Mehdiabad qəsəbəsi Sülh küçəsində yolları kanalizasiya və qurunt suları basıb.
“Den.az” xəbər verir ki, insanlar yoldan keçərkən çətinliklərlə üzləşirlər. Ərazidə gölün tez tez daşması isə tam bir fəlakət desək yanılmarıq.
Ərazidə yaşayan sakinlər bildirirlər ki, Qurunt və kanalizasiya suları yolları keçilməz hala gətirib, nəticədə evlərin zirzəmiləri də bərbad vəziyyətə düşüb. Bu vəziyyət, sakinlərin gündəlik həyatını ciddi şəkildə çətinləşdirir və onların haqlı narazılığına səbəb olur.
Sakinlər bildirir ki, qurunt sularının idarə olunmaması və kanalizasiya sisteminin düzgün işləməməsi səbəbindən məhəllədə keçilməz yollar yaranır. Evlərin zirzəmilərinə dolan sular, onların strukturlarına zərər vurur və yaşayış şəraitini təhlükəli edir. Bu vəziyyətdən bezən Mehdiabad sakinləri, problemin tez bir zamanda həll olunmasını tələb edirlər.
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti Abşeron Su Bağlar İdarəsi Publik Hüquqi şəxsdən DenazTv-yə bildirildi ki, qeyd olunan ərazidə mərkəzləşmiş tullantı su şəbəkəsi mövcud deyil. Təchizat sistemi olmayan ərazilərdə isə ADSEA-nın sifarişi ilə təchizatın qurulması üçün müvafiq layihə sənədləri hazırlanıb. Layihələrin icrası təchizat sisteminin mövcudluğu, texniki vəziyyəti və digər amillər nəzərə alınmaqla həyata keçirilir. Şəbəkələrin inşası agentliyin tədbirlər planına uyğun olaraq mərhələli şəkildə aparılır.
Adı çəkilən qurumun açıqlamasından belə çıxır ki, sakinlər hələ bir müddət gözləməli olacaq. Bu cür məsələlər, yalnız qəsəbə sakinlərinin deyil, həm də geniş bir ictimaiyyətin diqqətini çəkməlidir. Əgər bu problemlər vaxtında həll olunmazsa, daha böyük infrastruktur problemlərinə yol aça bilər və sakinlərin həyat şəraitini daha da pisləşdirə bilər.