Azərbaycan seqmentində sosial şəbəkələrdə, xüsusilə TikTok platformasında yeni dələduzluq sxemi yayılmağa başlayıb. Fırıldaqçılar kredit borcu olan və ya ərzaq yardımı axtaran şəxslərə “kömək” vəd edən səhifələr yaradırlar.
DenMedia.az Xəzər TV-yə istinadən xəbər verir ki, dələduzlar canlı yayımlara çıxaraq yüzlərlə izləyici toplayır və istənilən maliyyə problemini həll edəcəklərini bildirirlər. Əsl məqsədlərini isə yalnız messencerlərdə şəxsi yazışmaya keçdikdən sonra üzə çıxarırlar.
Bu sxemlə üzləşənlərdən biri Turqay Həsənov olub. O, müsahibəsində dələduzların necə fəaliyyət göstərdiyini izah edib:
“TikTok-da belə canlı yayımlardan birinə daxil olub maraq üçün yazdım. Dərhal mənə bank kartı məlumatlarını doldurmaq üçün forma göndərdilər. Dedilər: ‘Kartının bütün məlumatlarını ver, Amerikadan şirkət adından sənə 5000 dollar köçürək’. Həmin şəxs özünü xeyriyyəçi kimi təqdim edirdi, amma əslində insanları aldadıb hesablarından pul çıxarırlar.”
Zərərçəkənin sözlərinə görə, fırıldaqçılar qarşı tərəfin şübhələndiyini və ya əlavə suallar verdiyini anlayan kimi istifadəçini dərhal bloklayırlar. Səhifələr isə adətən saxta ad və şəkillərlə yaradılır, təsvir hissəsində göstərilən telefon nömrələri isə çox vaxt söndürülmüş və ya əlçatmaz olur.
Jurnalistlər “kömək” təklif edən səhifələrdə yerləşdirilən nömrələrlə əlaqə saxlamağa çalışsalar da, zəng və mesajlara cavab verilməyib. TikTok videolarının şərh bölməsində isə çoxsaylı istifadəçilər artıq bu dələduzluğun qurbanına çevrildiklərini bildirirlər.
Ekspertlər vətəndaşları ayıq-sayıq olmağa çağırırlar. Heç bir halda bank kartı məlumatları — kart nömrəsi, son istifadə tarixi və xüsusilə CVV kodu — tanımadığınız şəxslərə təqdim edilməməlidir.

