Türkiyə otellərində “hər şey daxil” sisteminin ləğv ediləcəyi ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirilib.
Türkiyə Səyahət Agentlikləri Birliyinin (TÜRSAB) sədr müavini Davut Günaydın bildirib ki, mövcud sistem qüvvədə qalacaq və turistlərin narahatlığına əsas yoxdur.
Bununla yanaşı, Türkiyənin məşhur hotel qruplarından biri olan “Kilit Group”un nümayəndəsi Tolqa Kilit “hər şey daxil” sisteminin beş fərqli kateqoriyaya bölünməsini təklif edib.
Yeni təsnifatın hazırlanmasına Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin də cəlb olunması mümkündür.
Təklifin məqsədi turistlərin otel bron etməzdən əvvəl ödənişə hansı xidmətlərin, yeməklərin və içkilərin daxil olduğunu dəqiq bilmələrini təmin etməkdir.
Beləliklə, müzakirə olunan yenilik “hər şey daxil” sisteminin ləğvini deyil, xidmətlərin daha aydın kateqoriyalar üzrə təqdim olunmasını nəzərdə tutur.

