İnsulta səbəb olan bir çox risk amili illər ərzində formalaşır. Lakin gündəlik vərdişlərə diqqət yetirməklə bu risklərin əhəmiyyətli hissəsini azaltmaq mümkündür.
Bu barədə nevroloq, “AYTİMEDLABS” şirkətinin rəhbəri Əli İsmayılov “Lenta.ru”ya açıqlamasında bildirib.
Həkimin sözlərinə görə, insultun və digər xroniki xəstəliklərin qarşısının alınmasında sağlamlığa müntəzəm nəzarət mühüm rol oynayır.
O vurğulayıb ki, insan özünü yaxşı hiss etsə belə, arterial təzyiqini mütəmadi ölçməlidir. Çünki yüksək qan təzyiqi illərlə heç bir əlamət vermədən davam edə bilər.

“Gün ərzində kifayət qədər hərəkət edirikmi? Necə qidalanırıq? Çəkimizə nəzarət edirikmi? Siqaret çəkirikmi? Bunlar adi suallar kimi görünə bilər. Əslində isə cavablarımız insult, ikinci tip şəkərli diabet, ürək-damar və digər xroniki xəstəliklərin yaranma riskinə ciddi təsir göstərir”, – deyə nevroloq bildirib.
Həkimin sözlərinə görə, həftədə beş gün, hər dəfə 30 dəqiqə sürətli yerimək belə, tövsiyə olunan minimum orta intensivlikli fiziki aktivlik səviyyəsinə çatmağa imkan verir.
İsmayılov qeyd edib ki, xəstəlik yarandıqdan sonra onun nəticələri ilə mübarizə aparmaqdansa, sağlamlığın qayğısına əvvəlcədən qalmaq daha məqsədəuyğundur. Çünki müasir tibbin imkanlarına baxmayaraq, insult nəticəsində itirilmiş funksiyaları hər zaman tam bərpa etmək mümkün olmur.
“İnsult qəfil baş verə bilər. Lakin onun qarşısının alınması çox əvvəldən – gündəlik həyatımızda sağlamlığımıza göstərdiyimiz münasibətdən başlayır”, – deyə həkim vurğulayıb.

