Sumqayıt şəhərində narkomaniyaya qarşı mübarizə və gənclərin sağlam həyat tərzinə təşviqi məqsədilə “Narkotikə yox de, gələcəyinə sahib çıx!” adlı maarifləndirici tədbir keçirilib.
Tədbir Sumqayıt Bələdiyyəsinin təşkilatçılığı, Sumqayıt Şəhər Polis İdarəsinin və Abşeron-Xızı Regional Təhsil İdarəsinin dəstəyi ilə İstedad liseyində baş tutub.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2025-ci il 17 sentyabr tarixli Sərəncamı ilə narkotik vasitələrin qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı təsdiq edilib.
Tədbirdə Sumqayıt Bələdiyyəsinin sədr müavini Nərmin Mehdiyeva, Sumqayıt şəhər Ağsaqqallar Şurasının sədri Eldar İsmayılov, Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşı , polis kapitanı Sahil Əlizadə, Prezident mükafatçısı, dövlət qulluğunun müşaviri, Sumqayıt Bələdiyyəsinin məhəllə komitəsinin sədri , Gender komissiyasının və Sumqayıt Şəhər Polis İdarəsinin İctimai Şurasının üzvü İndira Şəmsivari, Sosial Təşəbbüs MMC-nin rəhbəri, ekspert Emil Maqalov, İstedad liseyinin direktoru Rasim Süleymanov və şagirdlər iştirak ediblər.
Çıxış edənlər narkomaniyanın insan sağlamlığına, ailələrə və cəmiyyətə vurduğu zərərlərdən ətraflı bəhs ediblər. Şagirdlərə narkotik vasitələrdən uzaq durmağın, sağlam həyat tərzini seçməyin və zərərli vərdişlərə qarşı qətiyyətli olmağın vacibliyi diqqətə çatdırılıb.
Bildirilib ki, narkomaniya ümumbəşəri bəladır və gəncliyin bu təhlükədən qorunması hər kəsin məsuliyyətidir. Bu istiqamətdə maarifləndirmə işlərinin aparılması, yeniyetmələrin düzgün məlumatlandırılması və onların sağlam gələcək naminə məsuliyyətli seçim etməsi xüsusi əhəmiyyət daşıyır.
Tədbir şagirdlərin sualları ətrafında maraqlı müzakirələrlə davam edib. Sonda iştirakçılar narkomaniyaya qarşı mübarizədə həmrəy olduqlarını ifadə edərək “Narkomaniyaya yox deyək!” çağırışını səsləndiriblər...

