Uqandada 15 il ərzində azı 38 nəfəri öldürməkdə və qurbanlarının bədən hissələrini yeməkdə şübhəli bilinən Mozes Mucurizi saxlanılıb.
Bu barədə “Daily Monitor” nəşri ölkənin təhlükəsizlik qüvvələrinə istinadən məlumat yayıb.
Uqanda Silahlı Qüvvələrinin komandanı, general Muhoozi Kaineruqaba bildirib ki, Mucurizi 2010–2025-ci illərdə ölkənin müxtəlif bölgələrində törədilən ağır cinayətlərdə şübhəli bilinir. General onu “Uqanda tarixinin ən dəhşətli seriyalı qatili və adamyeyəni” adlandırıb.
İstintaq məlumatlarına görə, şübhəli şəxs qurbanlarına pala ilə hücum edib, bəzi hallarda isə evlərin divarlarını deşərək içəri daxil olub. Onun bütöv ailələri hədəf aldığı, qadınları isə romantik münasibət qurmaq bəhanəsi ilə aldatdığı iddia olunur.
Ən diqqətçəkən məqamlardan biri Mucurizinin əvvəllər dörd dəfə saxlanılması, lakin hər dəfə qaçmağa və ya rüşvət hesabına azadlığa çıxmağa nail olmasıdır.
Məlumata görə, ilk həbslərindən birində 17 qətli etiraf edən Mucurizi həbsxanaya gizli keçirdiyi pulla mühafizəçilərə rüşvət verərək qaçıb.
Polis onun cinayətləri təkbaşına törədib-törətmədiyini araşdırır. Şübhəlinin sifarişli qətllərlə məşğul olduğu da ehtimal edilir.
General Kaineruqaba Mucurizinin açıq məhkəmədə mühakimə ediləcəyini və edam olunacağını bildirib.
Bununla belə, saxlanılan şəxsə qarşı hələlik rəsmi ittiham irəli sürülməyib. Onun təqsiri məhkəmə hökmü ilə müəyyən edilməyib.

