Yaponiyada xərçəng xəstəliyindən əziyyət çəkən 43 yaşlı kişi təsadüfən 22 milyon yen taparaq pulları müalicəsinə və xarici ölkələrə səyahətlərinə xərcləyib.
“Japan Today” nəşrinin məlumatına görə, həkimlər ağır diaqnoz qoyulan kişiyə cəmi iki ay ömrü qaldığını bildiriblər.
Bundan sonra o, inkassatorların təsadüfən yerə saldığı içərisində pul olan çantanı görüb. Əvvəlcə çantaya toxunmasa da, sonradan geri qayıdaraq pulları götürüb. Məlum olub ki, vəsait oyun mərkəzinin gəlirlərini daşıyan şirkətə məxsus olub.
Kişi həmin pulları “taleyin hədiyyəsi” kimi qəbul edib və növbəti dörd ay yarım ərzində təxminən 18 milyon yeni müalicəyə və xarici səfərlərə xərcləyib.
Həkimlərin proqnozuna baxmayaraq, kişi yaşamağa davam edib və iyul ayında polis tərəfindən saxlanılıb.
Prokurorluq onun bir il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib. Müdafiə tərəfi isə şərti cəza istəyib.
Məhkəmə araşdırması zamanı sığorta şirkətinin itirilmiş məbləği inkassator şirkətinə ödədiyi, kişinin isə borcu qaytarmağa razılaşdığı məlum olub.
Razılaşmaya əsasən, o, hər ay 30 min yen ödəməlidir. Hesablamalara görə, borcun qaytarılması 2076-cı ilə qədər davam edə bilər.
Məhkəmənin qərarı noyabrın 6-da gözlənilir.

