Xorultu daha çox böyüklərdə müşahidə olunsa da, uşaqlarda da bu problemə rast gəlinir. Mütəxəssislər bildirirlər ki, uşaqlarda xorultunun yaranması müxtəlif sağlamlıq problemləri ilə əlaqəli ola bilər.
Bu barədə otorinolarinqoloq (qulaq-burun-boğaz həkimi) Yekaterina Krasnoşeyeva “Lenta.ru”ya açıqlamasında danışıb.
Həkimin sözlərinə görə, uşaqlarda xorultunun ən geniş yayılmış səbəbi adenoidlərin (burun-udlaq badamcığının) və badamcıqların böyüməsidir.

Normalda bu toxumalar orqanizmi infeksiyalardan qoruyur. Lakin həddindən artıq böyüdükdə udlağı daraldaraq uşağın sərbəst nəfəs almasına mane olur.
Mütəxəssis allergik rinit və burun tutulmasını da uşaqlarda xorultunun əsas səbəbləri sırasında göstərib.
Onun sözlərinə görə, mövsümi allergiya, ilboyu davam edən allergik burun axması və adi soyuqdəymə burunun selikli qişasında şişkinlik yaradaraq nəfəs almağı çətinləşdirir.
Bundan başqa, burun çəpərinin əyriliyi, damağın dar olması, dişlərin düzgün qapanmaması və artıq çəki də uşaqlarda xorultuya səbəb ola bilər.

