Çində 68 yaşlı qadın 17 il vegetativ vəziyyətdə olan gəlininə qulluq edərək onun yenidən danışmasına və yeriməsinə kömək edib.
“South China Morning Post” nəşrinin məlumatına görə, Süy soyadlı qadın 2009-cu ildə, toyundan cəmi bir ay sonra yük maşınının altında qalıb. Ağır qəza nəticəsində beynindən ciddi zədə alan qadın uzun müddət huşsuz vəziyyətdə qalıb.
Həmin gündən etibarən qayınanası Süan Fenin gəlininin qayğısını öz üzərinə götürüb. O, hər dəfə bir saata yaxın vaxt sərf edərək gəlinini qaşıqla yedizdirib, yataq yaralarının yaranmaması üçün onu gündə on dəfədən çox çevirib, əzələlərini masaj edib.
Qadın illərlə gəlininə ailədə və kənddə baş verən hadisələrdən danışıb, sevdiyi mahnıları səsləndirib və adını təkrar-təkrar çağırıb.
İllər sonra gəlininin şüuru bərpa olunmağa başlayıb. Lakin ağır beyin zədəsi səbəbindən onun zehni qabiliyyətləri dörd yaşlı uşağın səviyyəsində qalıb.
Qayınanasının köməyi ilə yenidən yeriməyi öyrənən qadın hazırda bir neçə söz deyə və sadə yeməklər hazırlaya bilir.
Sosial şəbəkələrdə yayılan görüntülərdə gəlinin qayınanasına “Ana, yaxşıdır” dediyi eşidilir.
Uzun illərdir ayaq ağrılarından və yüksək təzyiqdən əziyyət çəkən Süan Fenin bütün çətinliklərə baxmayaraq gəlinini tək qoymayıb.
“Mənim yeganə arzum onun daha da yaxşılaşmasıdır. Yemək hazırlamağı öyrənəndə bir az rahatladım. Mən öləndən sonra heç olmasa, özünə yemək hazırlaya biləcək”, – deyə qadın bildirib.
Başqalarının rahat həyatına bəzən həsəd apardığını gizlətməyən qayınana sözlərini belə tamamlayıb:
“O, oğlumla evlənibsə, deməli, mənim də övladımdır. Onu necə tərk edə bilərdim?”

