Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, müasir dünya “güclünün haqqı”nın hökm sürdüyü xaotik dövrə doğru sürüklənir. O, bu fikirləri Ramazan ayında təşkil olunan ənənəvi iftar mərasimində səsləndirib. Çıxış TRT Haber telekanalı tərəfindən yayımlanıb.
Ərdoğanın sözlərinə görə, qlobal vəziyyət getdikcə gərginləşir və beynəlxalq münasibətlərdə hüquq deyil, güc amili ön plana çıxmağa başlayır.
Dünyamız sürətlə xaotik bir dövrə doğru gedir. Bu dövrdə kobud gücdən istifadə olunur və güclünün haqqı işləyir, – deyə Rəcəb Tayyib Ərdoğan bildirib.
Türkiyə lideri qeyd edib ki, bu proses ABŞ və İsrailin İrana qarşı hücumları nəticəsində daha da sürətlənib. O vurğulayıb ki, Türkiyə heç vaxt neytral mövqe tutmayıb və hər zaman sülh, sabitlik və ümumbəşəri dəyərlərin tərəfdarı olub.
Ərdoğan çıxışında həmçinin bildirib ki, bu gün qanun, insan hüquqları və azadlıqlar uzun illər bu dəyərlərdən danışan bəzi dövlətlər tərəfindən belə nəzərə alınmır.

