İzmirdəki klinikasında həyatını itirən Dr. Özlem Gültekinin boşanma prosesində olduğu həyat yoldaşı Erhan Çelik günlərdir davam edən susqunluğunu pozaraq hadisə ilə bağlı diqqətçəkən iddialar səsləndirib.
Çelik YouTube kanalında yaydığı açıqlamada Gültekinin həyatının son iki gününü klinikasında keçirdiyini bildirib. Onun iddiasına görə, klinika əməkdaşları hadisə günü həkimin propofol istifadə etdiyini deyiblər.
Erhan Çelik həmçinin polis gəlməzdən əvvəl klinikanın təmizləndiyini iddia edib. Onun sözlərinə görə, bəzi materiallar daha sonra hadisə yerinə baxış keçirən əməkdaşlar tərəfindən zibil konteynerində aşkarlanıb.
Çelik həyat yoldaşının anestetik maddədən istifadə etdiyini 2023-cü ildə təsadüfən öyrəndiyini, lakin bu istifadənin daha əvvəl başladığını düşündüyünü bildirib. O, iki il ərzində həm Türkiyədə, həm də xaricdə müalicə üçün cəhd göstərdiyini deyib.
Çelik əlində olan görüntüləri, sənədləri və digər materialları prokurorluğa təqdim etdiyini açıqlayıb. O, oğlunu qorumaq məqsədilə həmin materialları ictimaiyyətlə paylaşmadığını vurğulayıb.

Bundan başqa, Gültekinə aid şəxsi görüntülərin pul müqabilində ona satılmağa çalışıldığını bildirən Çelik məsələ ilə bağlı polisə müraciət etdiyini deyib.
Özü haqqında yayılan bəzi xəbərlərin həqiqəti əks etdirmədiyini söyləyən Erhan Çelik sosial şəbəkələrdə ünvanına səsləndirilən ittihamlara da etiraz edib.
Qeyd edək ki, səsləndirilən fikirlər Erhan Çelikin iddialarıdır və istintaqın yekun nəticəsi açıqlanmayıb.

