Türkiyənin tanınmış televiziya simalarından Erhan Çelikin həyat yoldaşı, Op. Dr. Özlem Gültekin vəfat edib.
İzmirdəki özəl klinikasında işlədiyi vaxt qəfil halı pisləşən Gültekində ağır ürək tutması baş verib. Yanındakı həkim həmkarlarının bütün müdaxilələrinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Gültekinin sahibi olduğu klinikanın sosial media hesabında yayılan açıqlamada onun çoxsaylı qadın və anaların həyatına toxunduğu bildirilib.
Həkimin dəfn mərasimi 14 avqustda İzmirin Karşıyaka rayonundakı Bostanlı Beşikçioğlu məscidində keçirilib. O, Örnekköy qəbiristanlığında dəfn olunub.
Erhan Çelik və Özlem Gültekin 2019-cu ildə evlənmiş, 2020-ci ildə isə Ali Boran adlı oğulları dünyaya gəlmişdi. Cütlüyün bir müddətdir fikir ayrılıqları səbəbilə boşanma prosesində olduğu bildirilirdi.



