Türkiyənin məşhur müğənnisi və bəstəkarı Alpay (Əhməd Alpay Nazikioğlu) 91 yaşında vəfat edib.
Türk estrada musiqisinin unudulmaz simalarından olan sənətçi müalicə aldığı Antalyadakı Medical Park xəstəxanasında dünyasını dəyişib. Onun ölümünün dəqiq səbəbi hələlik açıqlanmayıb.

1935-ci ildə Ankarada doğulan Alpay musiqi karyerasına başlamazdan əvvəl peşəkar futbolçu olub. O, Türkiyənin “Ankara Demirspor” və “Gençlerbirliği” klublarında çıxış edib, həmçinin ölkənin gənclərdən ibarət milli komandasının heyətində yer alıb.

Hüquq təhsili alan sənətçi sonradan həyatını musiqiyə həsr edib. 1960-cı illərdə başladığı musiqi karyerası 60 ildən çox davam edib.
Alpay xüsusilə “Fabrika Kızı”, “Eylül'de Gel”, “Kara Tren” və “Gitme” mahnıları ilə geniş şöhrət qazanıb. Özünəməxsus səsi, romantik melodiyaları və duyğulu ifası ilə bir neçə nəslin sevimlisinə çevrilib.

Karyerası ərzində 20-dən çox albom buraxan sənətçi yaradıcılığında türk xalq musiqisini, rok və fransız şansonunu birləşdirib.
Alpayın vəfatı Türkiyənin musiqi ictimaiyyətində böyük kədərlə qarşılanıb.

