Uzun müddətdir xərçənglə mübarizə aparan məşhur müğənni Cansever 59 yaşında dünyasını dəyişib.
Türkiyə mediasının məlumatına görə, ötən ilin dekabrında leykoz diaqnozu qoyulan sənətçi Almaniyada müalicə alırdı. Martın 26-da ona ilik transplantasiyası həyata keçirilmişdi. Bir müddət vəziyyəti yaxşılaşsa da, son günlərdə səhhəti yenidən ağırlaşıb.

Cansever son paylaşımında hərarət və aşağı təzyiqdən əziyyət çəkdiyini bildirərək, davamlı serum və antibiotik qəbul etdiyini yazmışdı.
Əsl adı Dzansever Dalipova olan sənətçi 8 iyul 1967-ci ildə Şimali Makedoniyanın Veles şəhərində doğulub. O, Türkiyədə xüsusilə “Kara Çadır”, “Kime Bu İnat”, “Cemalim” və “Yollar Hasta Ben Yorgunum” mahnıları ilə məşhurlaşıb.

Canseverin Türkiyədə tanınmasında 1997-ci ildə İbrahim Tatlısesin “İbo Show” proqramında çıxışı mühüm rol oynayıb. Roman musiqisi, Balkan melodiyaları və arabesk üslubunu birləşdirən ifası ilə geniş auditoriya qazanıb.
Sənətçi həyatının müxtəlif dövrlərində ciddi sağlamlıq problemləri ilə də mübarizə aparıb. Gənc yaşda ankilozan spondilit diaqnozu qoyulmuş, uzunmüddətli müalicədən sonra 2009-cu ildə Almaniyada əməliyyat olunmuşdu.

