Bir müddətdir leykozdan müalicə alan arabesk musiqisinin tanınmış simalarından Cansever Almaniyada müalicə olunduğu xəstəxanada 59 yaşında vəfat edib.
Sabah qəzetinin məlumatına görə, sənətçinin son vəsiyyəti doğulub böyüdüyü Şimali Makedoniyanın Veles şəhərində dəfn olunmaq olub.
Canseverin cənazəsinin 12 avqustda Velesdəki Fazlı Ahmet Paşa məscidində günorta namazından sonra qılınacaq cənazə namazının ardınca ailə məzarlığında torpağa tapşırılacağı bildirilir.

Əsl adı Dzansever Dalipova olan sənətçi Veles şəhərində dünyaya gəlib. O, 1992-ci ildə “Kemano Başal E Romenge” albomu ilə peşəkar musiqi fəaliyyətinə başlayıb, Türkiyədə isə xüsusilə “İbo Show” proqramında səsləndirdiyi “Kara Çadır” mahnısından sonra geniş tanınıb.
Cansever 1994-cü ildən ankilozan spondilit xəstəliyi ilə də mübarizə aparıb. 2007-ci ildə müalicə üçün Almaniyaya köçüb, daha sonra əməliyyat olunub. 2025-ci ilin sonunda ona leykoz diaqnozu qoyulmuşdu.

