Abşeron rayonu, Novxanı Bağları yaşayış massivində vətəndaşa məxsus fərdi yaşayış evinin elektrik xətti qırılıb.
Den.az xəbər verir ki, hadisə N.Nərimanov küçəsində tikinti işləri aparılan ərazidə baş verib.
Belə ki, yaxınlıqda yerləşən fərdi evin tikintisi zamanı əraziyə beton aparan betonqarışdırıcı avtomobil təsadüfən həmin evin yaxınlığından keçən elektrik xəttinə zərər yetirib. Nəticədə işıq xətti qırılıb və vətəndaş bir neçə gündür ki, elektrik enerjisindən məhrum olub. Hadisədən sonra məsuliyyət daşıyan sürücü məsələni görməzdən gələrək ərazidən uzaqlaşıb və məsuliyyətdən boyun qaçırıb. Bu isə ev sahibinin vəziyyətini daha da çətinləşdirib.
Məsələ ilə bağlı “DenazTv” olaraq "Azərişıq" ASC-yə məlumat verdik. Qurumdan bildirildi ki, məlumat daxil olan kimi araşdırma aparılıb. Baxmayaraq ki, hadisənin baş verməsində birbaşa məsuliyyət daşıyan şəxs betonqarışdıran avtomobilinin sürücüsüdür, "Azərişıq" vətəndaşın problemini nəzərə alaraq hadisə yerinə operativ şəkildə texniki briqada göndərib. Görülən tədbirlər nəticəsində zədələnmiş elektrik xətti bərpa olunub və vətəndaş yenidən elektrik enerjisi ilə tam təmin edilib.