Bu gün əvvəlki illərdə ümumi orta (IX sinif) və tam orta (XI sinif) təhsil səviyyələrini başa vura bilməmiş şəxslər üçün eksternat qaydasında imtahanlar keçiriləcək.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin məlumatına görə, ölkə üzrə 6 mindən çox şəxs imtahanda iştirak etmək üçün müraciət edib.
Eksternat imtahanları yerli təhsili idarəetmə orqanları tərəfindən 31 yanvar saat 11:00-da təşkil olunacaq. Bakıda isə bu imtahanlar ilk dəfə elektron formatda keçiriləcək. Paytaxtda eksternat imtahanları 10, 158, 229, 263 nömrəli tam orta ümumtəhsil məktəblərində və 220 nömrəli məktəb-liseydə baş tutacaq.
Qeyd edək ki, sərbəst (eksternat) təhsilalma forması müxtəlif səbəblərdən ümumi orta və ya tam orta təhsil səviyyəsini tamamlaya bilməmiş şəxslərə buraxılış imtahanı verərək müvafiq təhsil sənədi (attestat) almaq imkanı yaradır.
Eksternat imtahanlarında müvəffəqiyyət qazanan şəxslər daha sonra Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən buraxılış imtahanlarında iştirak edərək attestat almaq hüququ əldə edəcəklər.

