Bu gün Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun anadan olmasının 38 ili tamam olardı.
Mübariz İbrahimov 7 fevral 1988-ci ildə Biləsuvar rayonunun Əliabad kəndində anadan olub. 2005-ci ildə doğma kəndində yerləşən şəhid Malik Pirıyev adına orta məktəbi əla qiymətlərlə bitirib.
2006-cı ilin mart ayında Biləsuvar rayon hərbi komissarlığı tərəfindən hərbi xidmətə çağırılıb. Müddətli həqiqi hərbi xidmətini Daxili Qoşunlarda keçib, əvvəlcə atıcı, daha sonra isə yarımqrup komandiri olub. 20 noyabr 2007-ci ildə ehtiyata buraxılıb.
18 sentyabr 2009-cu ildə yenidən könüllü olaraq həqiqi hərbi xidmətə qayıdıb, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Tədris-Tədris Mərkəzində gizir hazırlığı kurslarını bitirib. Cəbhə xəttində motoatıcı taborun tağım komandirinin müavini vəzifəsində xidmət edərək öz vəzifə borcunu şərəf və cəsarətlə yerinə yetirib.
2010-cu il 19 iyun gecəsi Tərtər rayonunun Çaylı kəndi yaxınlığında gedən qeyri-bərabər döyüşdə Mübariz İbrahimov düşmənin çox sayda canlı qüvvəsini məhv edib, bir neçəsini yaralayıb və özü qəhrəmancasına şəhid olub.
Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün müdafiəsi zamanı göstərdiyi xüsusi şücaət və qəhrəmanlığa görə Prezident İlham Əliyevin sərəncamı ilə Mübariz Ağakərim oğlu İbrahimova ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı verilib.
Biləsuvar şəhərində bir lisey və bir küçə onun adını daşıyır. 2008-ci ildə Azərbaycanın Müdafiə Sənayesi Nazirliyinin istehsalı olan “İstiqlal” snayper tüfəngləri ailəsinə məxsus 12,7 mm-lik ikinci nəsil silaha onun adı verilib.
2014-cü ildə Kanadanın Ottava şəhərində yerləşən Minto parkında Mübariz İbrahimovun xatirəsinə memorial lövhə quraşdırılıb. 2016-cı ildə Sumqayıt şəhərində küçələrdən birinə onun adı verilib. Elə həmin il Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Mübariz İbrahimovun abidəsi ucaldılıb.

