Bakı Beynəlxalq Avtovağzal Kompleksi istiqamətindən Masazır qəsəbəsinə hərəkət edən 569 nömrəli sərnişin avtobuslarının yeniləri ilə əvəz olunması sakinlərin narazılığına səbəb olub.
Bu barədə Denmedia.az-a sərnişinlər məlumat veriblər.
Qəsəbə sakinlərinin sözlərinə görə, əvvəl istismarda olan avtobuslarla müqayisədə yeni nəqliyyat vasitələri daha kiçik həcmlidir. Yer tutumunun az olması səbəbindən avtobuslar qısa müddətdə dolur və yol boyu bir çox dayanacaqlarda saxlamadan hərəkətini davam etdirir. Sakinlər bildirirlər ki, xüsusilə səhər və axşam saatlarında işə və məktəbə gedən vətəndaşlar ciddi çətinliklərlə üzləşirlər. Oturacaqların və ümumi sərnişin tutumunun azlığı nəticəsində bəzi hallarda insanlar yolda qalmalı olur.
Masazır qəsəbə sakinləri aidiyyəti qurumlardan marşrut xəttinə daha iri tutumlu avtobusların buraxılmasını və ya reys sayının artırılmasını xahiş edirlər. Məsələ ilə bağlı daşıyıcı ‘Çinar Trans’şirkəti ilə əlaqə saxladıq. Şirkətdən saytımıza bildirildi ki, “Abşeron rayonu, Masazır qəsəbəsi – Bakı Beynəlxalq Avtovağzal istiqamətində fəaliyyət göstərən 569 nömrəli marşrut xətti Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən keçirilmiş müsabiqənin nəticəsinə əsasən ‘Çinar Trans’ şirkətinə həvalə olunub. Xəttə əvvəlki illərdə istismar müddətini başa vurmuş köhnə tipli avtobuslar xidmət göstərirdisə, hazırda marşrut üzrə müasir, kondisionerli, sərnişin rahatlığına cavab verən orta tutumlu avtobuslar istismara buraxılıb. Sərnişinlərin böyük tutumlu avtobuslarla bağlı istəkləri və interval məsələsinə dair müraciətləri diqqətlə qeydə alınır. Şirkət üçün əsas prioritet sərnişin məmnunluğudur. Bu səbəbdən xətt üzrə təkrar monitorinq aparılacaq, zərurət yaranarsa intervalın azaldılması və avtobus sayının artırılması ilə bağlı müvafiq addımlar atılacaq.Bütün hallarda sərnişinlərin müraciətləri cavabsız qalmayacaq və xidmət keyfiyyətinin daha da yüksəldilməsi istiqamətində tədbirlər davam etdiriləcək.”
Ellada Rəsul
Denmedia.az

