Azərbaycanda daxili sifarişli sərnişin daşımalarına icazə verilməsi ilə bağlı tələblər sərtləşdirilib.
Bu dəyişikliklər Prezident İlham Əliyevin təsdiqlədiyi “Avtomobil nəqliyyatı haqqında” qanuna edilən düzəlişlərdə əksini tapıb.
Yeni qaydalara əsasən, qeyri-müntəzəm sərnişin daşımaları, eləcə də beynəlxalq və şəhərlərarası (rayonlararası) daşımalar üçün icazə almaq istəyənlər mütləq sığorta sənədlərini təqdim etməlidirlər.
Söhbət aşağıdakı sığorta növlərindən gedir:
- sərnişinlərin bədbəxt hadisələrdən icbari sığortası
- nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyət sığortası
- sürücülərin peşə fəaliyyət qabiliyyətini itirməsinə qarşı sığortası
Qeyd olunur ki, bu addım sərnişinlərin təhlükəsizliyinin artırılması və daşımalar sahəsində məsuliyyətin gücləndirilməsi məqsədi daşıyır.

