Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi ölkənin bir sıra çimərliklərində dəniz suyunun keyfiyyət göstəricilərinin sanitariya norma və qaydalarına uyğun olmadığını müəyyən edib.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, ilin əvvəlindən dəniz suyunun keyfiyyətinə aylıq nəzarət həyata keçirilir. May ayından etibarən isə monitorinqlərin intensivliyi artırılaraq həftəlik əsasda aparılır. Götürülən dəniz suyu nümunələri fiziki-kimyəvi və mikrobioloji göstəricilər üzrə laboratoriyalarda yoxlanılır.
Çimərlik mövsümündə dəniz suyu nümunələri əlavə olaraq xüsusi təhlükəli yoluxucu xəstəliklərə nəzarət məqsədilə müvafiq laboratoriyalarda da araşdırılır.
Aparılan laborator müayinələrin nəticələrinə əsasən, Bakı şəhərinin Xəzər rayonunun Türkan, Suraxanı rayonunun Hövsan, Səbail rayonunun Şıx, Qaradağ rayonunun Sahil qəsəbələrində yerləşən çimərliklərdə, eləcə də Lənkəran rayonunun Aşağı Nüvədi qəsəbəsi, Sütəmurdov kəndi, Lənkəran şəhərinin Kiçik Bazar yaşayış massivi və Xaçmaz rayonunun Niyazoba ərazisindəki çimərlikdə dəniz suyunun keyfiyyət göstəricilərində normadan kənara çıxmalar aşkarlanıb.
Buna səbəb kimi sanitariya-mühafizə zonalarının tullantılar və çirkab suları ilə çirkləndirilməsi göstərilib.
Yaranmış vəziyyət nəzərə alınaraq, əhalinin sağlamlığının qorunması məqsədilə Respublika Gigiyena və Epidemiologiya Mərkəzi qeyd olunan çimərliklərdə, həmçinin həmin ərazilərdə yerləşən qeyri-rəsmi çimərlik sahələrində dəniz suyundan çimmək üçün istifadənin müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edib.
Qərar barədə Bakı, Lənkəran və Xaçmaz rayonlarının icra hakimiyyətləri, müvafiq polis orqanları, Fövqəladə Hallar Nazirliyi və onun regional strukturları, eləcə də Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin aidiyyəti bölmələri məlumatlandırılıb.
Səhiyyə Nazirliyi vətəndaşlara yalnız icazə verilmiş çimərliklərdən istifadə etməyi, rəsmi məlumatları izləməyi və müəyyən edilmiş məhdudiyyətlərə əməl etməyi tövsiyə edir. Çimərlik mövsümü ərzində dövlət sanitariya xidməti monitorinqləri davam etdirəcək və nəticələr barədə ictimaiyyət mütəmadi məlumatlandırılacaq.

