ABŞ prezidenti Donald Tramp Çinin nadir torpaq elementlərinin ixracını məhdudlaşdırmaq qərarını “düşməncəsinə addım” adlandırıb.
DenMedia.az xəbər verir ki, bu barədə o, Truth Social sosial şəbəkəsində yazıb.
“Çində çox qəribə şeylər baş verir! Onlar getdikcə daha da düşməncəsinə davranır və bütün dünyadakı ölkələrə məktublar göndərərək bildirirlər ki, nadir torpaq metalları ilə bağlı bütün məhsullara ixrac nəzarəti tətbiq etmək istəyirlər,” — deyə Tramp qeyd edib.
Ağ Evin rəhbəri əlavə edib ki, Pekin demək olar ki, “xəyal edə biləcəkləri hər şeyə” ixrac nəzarəti qoymaq niyyətindədir, hətta bu məhsulların bəziləri Çində istehsal olunmasa belə.
Tramp həmçinin bildirib ki, iki həftə sonra Cənubi Koreyada keçiriləcək APEC sammitində Çin sədri Si Cinpinlə görüşməli idi, lakin “indi bunun üçün səbəb qalmayıb.”
Çinin Ticarət Nazirliyi açıqlayıb ki, 8 noyabrdan etibarən orta və ağır nadir torpaq elementləri ilə bağlı bir sıra məhsulların ixracına nəzarət tətbiq ediləcək.
Bundan əlavə, Financial Times qəzeti məlumat verib ki, son həftələrdə Çinin iri limanlarında gömrük əməkdaşları yarımkeçirici məhsulların ixrac və idxal tədarüklərini yoxlamaq üçün səfərbər olunub.
Bu addım çiplərin idxalına nəzarətin gücləndirilməsi fonunda atılıb.