Gürcüstan gələn ilin 1 yanvarından etibarən xarici vətəndaşlar üçün yeni giriş qaydaları tətbiq edəcək. RBK xəbər verir ki, dəyişikliklərə əsasən, ruslar da daxil olmaqla bütün əcnəbilər ölkə sərhədini keçmək üçün etibarlı tibbi sığorta təqdim etməlidirlər.
Dəyişikliklər Gürcüstanın “Turizm haqqında” qanununa daxil edilib. Sığorta polisinin olmaması qayda pozuntusu sayılacaq və bu, ölkəyə girişə imtina və ya cərimə ilə nəticələnə bilər.
Gürcüstan sərhədçiləri tibbi sığortanın mövcudluğunu bütün nəzarət-keçid məntəqələrində — həm hava limanlarında, həm də quru sərhəd keçidlərində yoxlayacaqlar. Əgər əcnəbi ölkə ərazisində sığortasız olarsa, ona 300 lari (təxminən 8,4 min rubl) məbləğində cərimə tətbiq ediləcək.
Məlumata görə, cərimə məbləği aktiv idman növləri ilə məşğul olan turistlər üçün daha yüksək ola bilər. Qaydanın təkrar pozulması halında cərimə 2 min lariyə (təxminən 56,5 min rubl) qədər arta bilər.

